Cənab Prezident İlham Əliyevin xarici ölkələrə etdiyi səfərlər və həmin səfərlər çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq arenada mövqe və nüfuzunun daha da güclənməsinə xidmət edir. Prezidentimizin həmin görüşlərdəki çıxışlarında səsləndirdiyi fikirlər, tutarlı faktlar, beynəlxalq hüquq normalarına əsaslanan arqumentlər ölkəmizə olunan hörmət və ehtimadın yüksəlməsinə gətirib çıxarır. Bütün bunlar hər birimizə qürurverici anlar yaşadır.2023-cü ilin may ayının 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri, həmişə olduğu kimi bir sıra diqqətçəkən məqamlarla yadda qaldı.Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasına müşahidəçi və qonaq qismində dəvət olunmasına baxmayaraq, dövlət başçımız öz davranış və hərəkətləri, səlis nitqi və faktlara əsaslanan çıxışı ilə iclasın əsas simasına çevrildi. Xüsusilə, Ermənistanın Baş naziri Nikol Paşinyanı iftiralarla dolu məntiqsiz çıxışına görə tutarlı faktlarla çıxılmaz vəziyyətə qoyması Müzəffər Ali Baş Komandanımızın intellektual səviyyəsinin nə qədər yüksək olduğundan xəbər verir. İclas zalına Rusiya prezidenti Vladimir Putinlə yanaşı daxil olması, digər dövlət rəhbərləri ilə səmimi söhbəti və görüşməsi cənab prezident İlham Əliyevin yüksək hörmət və nüfuza malik olduğunu göstərir. Rusiya dövlət başçısının prezidentimizə, onun çıxışına, səsləndirdiyi fikirlərə hörmətlə yanaşması bir daha sübut edir ki, Azərbaycan regionda söz sahibi olan ölkələrdən biridir. Artıq Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, iqtisadi asılılıq azalmağa doğru gedir. Dövlət başçımız qısa bir vaxtda işğaldan azad olunmuş torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin geniş vüsət almasından, yeni hava limanlarının istifadəyə verilməsindən, Azərbaycanın etibarlı tərəfdaşa çevrilməsindən söhbət açdıqca, görüş iştirakçıları heyrətlərini gizlədə bilmir və bəlkə də cənab prezidentimizə həsəd aparırdılar.Yaşasın Azərbaycan!Var olsun Ali Baş Komandanımız!
Zülfü Quliyev,
Xocalı rayon ziyalısı